XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ SƏRGİ VƏ TARİX DƏRSLƏRİ

Astara Heydər Əliyev Mərkəzi tərəfindən 16 fevral 2017-ci il tarixindən 23 fevral 2017-ci il tarixindək Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş “XX əsrin faciəsi” mövzusunda Astara şəhər ümumtəhsil məktəblərində sərgi və tarix dərsləri keçirilmişdir.

Tarix dərslərində Astara şəhər 1 saylı, 2 saylı, 3 saylı, Rüdəkənar kənd və Ərçivan qəsəbə 3 saylı orta məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər. Astara Heydər Əliyev Mərkəzinin əməkdaşları şagirdlərə bildirmişlər ki, Xocalı Soyqırımı faciəsindən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26–sina keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmışdır. Az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Ali Sovetinin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 24 fevral 1994-cü il tarixli Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı.

Həmçinin şagirdlərə Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın Beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında daha ətraflı və dolğun məlimatlar çatdırılmışdır.