20 YANVAR FACİƏSİNİN 27- Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR.

16 yanvar 2017-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 27- ci ildönümünə həsr olunmuş ”Vətən torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə Qızıl hərflərlə yazılacaqdır!” (Heydər Əliyev) mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və “Qanlı Yanvar” mövzusunda filim nümayiş olunmuşdur.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, 20 Yanvar faciəsindən 27 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eynu zamanda bu tarix Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələdlərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi Liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O, müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli Liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndıliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorboçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Tədbirdə Astara rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Mirzəli Bayramov, rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, rayon Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi Şahin Əliyev və Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış etmişlər.