ASTARA RAYONU

Astara rayonu haqqında məlumat.

Astara rayonu Azərbaycan Respublikasının cənubunda yerləşir. Rayon cənubdan və qərbdən İran İslam Respublikası, şimaldan Lənkəran rayonu, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Astara royunu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisində Təngərüd çayı, İranla dövlət sərhədi boyunca isə Astara çayı axır. Rayonun ərazisi 616 kv.km, əhalisi 100,2 min nəfərdir. Ərazinin 37188 hektarını meşələr təşkil edir. Iqlimi yayı quraq keçən mülayim istidir. Hündürlük artdıqca iqlim soyuqlaşır. Rayonun düzənlik və dağətəyi hissəsi respublikanın rütubətli (mülayim rütubətli) subtropik zonasına daxildir. Illik yağıntı 1200-1750 mm-dir. O, respublikanın ən çox yağıntılı ərazilərindəndir.

Rayonun mərkəzi Astara şəhəridir. Şəhər Bakı şəhərindən 313 km məsafədə yerləşməklə, Azərbaycan Respublikasının İranla dövlət sərhədində, Xəzər dənizinin sahilindədir. Əhalisi 20,0 min nəfərdir. Şəhərdə Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər evi, 7 orta məktəb, Pedoqoji Kollec, Uşaq Musiqi məktəbi, 4 uşaq bağçası, 2 Mədəniyyət evi, rayon Mərkəzi Kitabxanası, Çay fabriki, Neft və yük terminalları, Gömrük İdarəsi, Mərkəzi bazar, Dövlət Rəsm Qaleriyası, Tarix-diyarşünaslıq muzeyi, 6 şadlıq sarayı, 8 mehmanxana, Mərkəzi xəstəxana, iki XIX əsr və iki XX əsrə aid məscid. Qarabağ uğrunda döyüşlərdə şəhid olanların ``Xatirə kompleksi`` vardır. 2012-ci ilin mart ayında Olimpiya İdman Kompleksi və YAP rayon təşkilatı üçün inzibati binanın tikintisi başa çatdırılmış, açılışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Şəhərdə dəmiryolu, avtomobil vağzalları, rabitə və poçt müəssisələri, bank və digər sosial obyektlər fəaliyyət göstərir.

Rayonun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikсilik təşkil edir. Ayrı-ayrı təsərrüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq da inkşaf edir. Köhnə təsərrüfat formaları daıldıqdan sonra rayonda torpaq islahatı aparılmış, torpaqlar cayçılara verilmiş və yeni təsərrüfat qurumları yaradılmışdır. Hazırda rayonda ayrı-ayrı sahələr üzrə 68 kəndli (fermer) təsərrüfatı yaradılmış, bunlar da müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olurlar.

Rayonda iki Çay fabriki, Çınqıl və asfalt zavodu, Beynəlxalq Qaz Kompressor Stansiyası, düyü və un dəyirmanları və başqa müəssisələr fəaliyyət göstərir.

Azərbaycanın torpaqlarının azadlığı uğrunda döyüşlərdə rayonumuzdan 76 nəfər şəhid, 41 nəfəri əlil olmuşdur.

Astaranın 3 Sovet İttifaqı Qəhrəmanı, 2 ``Şöhrət Ordeni``nin hər üç dərəcəsini almış Qəhrəman, 1 Sosialist Əməyi Qəhrəmanı, 1 Azərbaycanın Milli Qəhrəmanı, 9 Əməkdar Müəllimi, 1 Əməkdar Mədəniyyət işçisi, 2 Əməkdar Səhiyyə işçisi, 1 Əməkdar kənd təsərrüfatı işçisi, 5 Dövlət Qulluğunda fərqlənməyə görə medallı və 4 tərəqqi medalı vətəndaşı vardır.

Astara rayonunda 2 mətbu orqan- ``Astara`` qəzeti və ``Alov`` jurnalı fəaliyyət göstərir.Qəzet 1932-ci lidən nəşr olunur.

Astaranın qoruqları: Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2004-cü il tarixli sərəncamı ilə yaradılmış “Hirkan Milli Parkı”nın 21,3 min hektar ərazisindən 18,3 min hektarı Astara rayonun ərazisindədir. Meşələrdə relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azad, cökə, vələs, fındığ, qoz, qızılqoz və s bitir. 

Heyvanları: bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s yaşayır.

Quşları: qırqovul, vaq, qaz, ördək, kəklik, göyərçin, çöl toyuğu və s vardır.

Mineral bulaqları: Ağ körpü, Sim, bi, Toradi, Şeyx Nəsurullah və başqaları məşhurdur. 

Çayları: rayonun ərazisindən Astara, Ərçivan və Pensər çayları axır.

Yolları: Astaranın ərazisində Astara və Qamışovka dəmiryolu stansiyası vardır. Bakı-Astara dəmir yolunun Astaraya aid olan hissəsi 19 km, avtomobil yolunun uzunluğu 31 km. olmaqla, respublika əhəmiyyətlidir.

Təhsil, mədəniyyət, səhiyyə: Astarada 63 ümumtəhsil məktəb, (45 orta, 9 əsas , 9 ibtidai) 5 məktəbdənkənar müəssisə və Pedoqoji Kollec fəaliyyət göstərir. Bundan əlavə 1 Mərkəzi Xəstəxana, 17 poliklinika, 4 sahə xəstəxanası, 11 həkim məntəqəsi, və 31 tibb məntəqəsi 57 kütləvi kitabxana, 53 klub müəssisəsi 1 Uşaq musiqi məktəbi əhaliyə xidmət göstərir.