GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR

02 fevral 2017-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər Günü münasibətilə “Azərbaycan gəncliyi vətən, xalq üçün çalışmalıdır” (Heydər Əliyev) mövzisinda tədbir və sərgi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış və “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda film nümayiş olunmuşdur.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün Ulu Öndərimiz Heydər Əliyevə borcludur.

Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi.

Məhz bunun nəticəsidir ki, bu gün ölkə gəncləri Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına böyük etimad göstərir və özünün gələcək inkişaf perspektivini onun adı ilə bağlayır.

Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.

Tədbirdə rayon Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi Şahin Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Aysel Əhmədova çıxış edərək gəncləri təbrik etmiş onlara təhsildə uğurlar arzulamış, vətənpərvər ruhda böyüməyi, xalqımızın milli – mənəvi dəyərlərinə uyğun formalaşmağı tövsiyə etmişlər.

Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov “Gənclər günü” münasibətilə rayonun mədəni və içtimai siyasi həyatında fəal iştiraklarına görə Mərkəzin baş fond mühafizi Elza Kazımovanı, baş elmi işçisi Aygün Məmmədovanı və bələdçisi Cəmalə Məmmədovanı Astara rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları və xatirə hədiyyələri ilə təltif etmişdir.

Sonda Astara şəhər 1 saylı orta məktəbin 3-cü sinif şagirdi Samirə Axundova “Azərbaycan” şerini söyləmişdir.