ÜMUMMİLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

07 dekabr 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində 12 dekabr Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış, “Heydər Əlirza oğlu Əliyev” mövzusunda film nümayiş olunmuşdur.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummili Liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir.

Respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuiq işlərinin təşəbbüskarı olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda Ulu Öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur.

Tədbirdə Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, Astara Pedaqoji Kollecin tarix müəllimi Elçin Mahmudov çıxış etmiş, Astara rayon 1 saylı məktəbin VII sinif şagirləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.