ÜMUMMİLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

08 dekabr 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində 12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş rayon tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açmış, “Heydər Əlirza oğlu Əliyev” mövzusunda film nümayiş olunmuşdur.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Astara rayon Məhkəməsinin sədri Zamin İbrahimov, Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, təqaüddə olan dövlət qulluqçusu Kamil Kamilov, Astara Pedaqoji Kollecinin direktoru Yusif Şahnamazov çıxış etmişlər. Bildirmişlər ki, tarix özündən sonra layiqli irs qoyub getmiş belə fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin həyata keçirdiyi xeyirxah əməllərlə yaşayaraq öz təsir qüvvəsini qoruyur. Millətin vahid məqsədlər uğrunda səfərbər olunması üçün zəruri olan ideya – milli ideologiya da məhz belə şəxsiyyətlərin siyasi konsepsiyasında reallığa qovuşur. Bu mənada, Ulu Öndər Heydər Əliyev də Azərbaycanın milli – mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqmızın qəlbində yaşayır.

Sağlığında Ümummilli Lider Zirvəsinə ucalmış bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub – yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Əgər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində Azərbaycanın sosial – iqtisadi, mədəni yüksəlişi üşün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.

Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın iyirminci əsr ictimai – siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.