“GƏNCLİYİMİZİ QORUYAQ, NARKOMANİYAYA YOX DEYƏK”

25 may 2017-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” mövzusunda sərgi və tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Kübra Səmədova açmış, “Narkomaniya əsrin bəlasıdır” mövzusunda film nümayiş olunmuşdur. Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, həmin problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı.

Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova öz çıxışında həmçinin onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Tədbirdə Astara rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə baş məsləhətçisi Mirzəli Bayramov, Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Fuad Səmədov, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov çıxış etmişlər.